“Mən niyə taksi sürücüsüyəm?”


“Mən cahil, anti-kommunist, toksik millətçi (red. çayxana millətçiliyi) , dindar, mühafizəkar ola bilərəm. Nəzərə al ki, səhər zavodda fəhlə işləyirəm, axşam da “taksovatlıq eliyirəm”. Evimdə yuxudan kənar vur-tut 2 saat vaxt keçirirəm ki, onu da uşağımla oynamağa, yemək bişirməyə və dostlarımla çayxanada vaxt keçirməyə sərf edirəm.  Həmişə gərginəm, çünki elə gün olmur ki, özümə “sabah neyləyəcəm?”, “filan xərcimi necə ödəyəcəm?” suallarını verməyim. Gah işıq pulu gəlir, gah qaz pulu, gah da su pulu. Gah kirayə pulunun vaxtı gəlir, gah maşının harasısa xarab olur. Filankəsin toyu var, ona da nəmər yazdırmaq lazımdı.  30 Yaşım var. Kirayədə yaşayıram. Ömrümün axırınacan ev ala biləcəm, ya yox-Allah bilir. Uşaqlar böyüyür, ehtiyacları artır. Mən onları necə çatdıracam? Yoldaşımın paltosu deşilib, ad günü də yaxınlaşır. Ona da palto almalıyam. Anamın müalicəsi,atamın dərmanları, kreditlərim... Sabah pensiyaya çıxanda neyləyəcəm? 700 manat maaş alıram, onun 250-si qeydiyyatdadı. Hüquqşunas  dostum deyir ki, sənin pensiyan o 250 manatdan hesablanır. Nə isə, ona hələ çox var.

Yoldaşım da işləmir, niyə?  Camaat nə deyər?!  Bunların əlindən yazıq evdən çıxa da bilmir. Elçilikdə atasına söz vermişdim ki, qızının təhsilini yarımçıq qoymağına imkan verməyəcəm.  Amma illiyini ödəyə bilmədim deyə universitetdən qovdular. İndi evdə bütün günü deyinir. Yazıq neyləsin? Onu da qınamıram.

Vəzifəmi qaldıracaqdılar, amma sözlərinin üstündə durmadılar. Çünki yerinə keçəcəyim rəis xahiş-minnət elədi ki, təqaüdə çıxmasın, qalıb işləsin. Yazıq neyləsin? Onu da qınamıram.

Vallah, canımdan bezmişəm. Hər gün deyirəm ki, bu maşını divara çırpım-canım qurtarsın.  Sonra yadıma düşür ki, maşın kreditdədi. Mən cəhənnəm, ölüb getsəm, borcunu kim ödəyəcək?! O cəhənnəm, camaat nə deyəcək? Yazıq yoldaşımın üstünə şər atacaqlar ki, “onun başını yedin”.

 Bunları fikirləşə-fikirləşə yuxuya gedirəm. Yatmazdan əvvəlki son cümləm isə “əşşi, nə olar-olar” olur.

O gün internetdə gördüm filan partiyanın sədri danışırdı ki, hakimiyyət avtoritardı, demokratik dəyərlərə hörmət eləmir,korrupsiya baş alıb gedir, hakimiyyət müxalifətlə dialoqda konstruktiv deyil. Nədən danışır, başa düşmədim-yəqin öz aralarındadı. O gün prezident də deyirdi ki, müxalifət destruktiv fəaliyyətlə məşğul olur. Biz cahil adamlarıq, başa düşmərik.

O gün video gördüm,  müəllim şagirdini vururdu. Yəqin uşaq dərsini yaxşı oxumur. Müəllim yaxşı eləyir. Uşaq dərsini oxumalıdır. Mənim uşağımı müəllimi vursa, gedib əlini öpərəm. Təki uşaq oxusun, atası kimi olmasın.  Atası kimi olmasın, əmisi kimi olsun?

Əşşi, nə olsun oxuyub? Xasiyyəti tünddür, müdriyyətlə yola gedə bilmir deyə iş tapa bilmir. Nə olsun ki, müdir üstünə qışqırır, söyür? “Za to”  işləyib evinə 5 manat çörək apara bilirdi də. Köpəyoğluna dedim ki, gəl sən də kreditə maşın götür “taksovatlıq” elə, deyir mən peşəkar mühəndisəm, taksi sürücüsü olmaq mənə yaraşmaz. İş bəyənmire.

Günah məndədir, gərək o vaxt ata onu işdən çıxdığına görə evdən qovanda müdafiə eləməzdim. Mən kömək elədim deyə o qudurdu da.

Təzə hoqqa çıxardıb özündən. Gəlib ki, müxalifətə qoşuluram. Deyirəm ki, nəyinə lazımdı – deyir ki, ölkə yaman gündədi düzəltmək lazımdı. Dedim ki, bəs nə işlə məşğulsunuz? Mənə video göstərdi. Kişi danışırdı:

“...Hakimiyyət avtoritardı, demokratik dəyərlərə hörmət eləmir,korrupsiya baş alıb gedir, hakimiyyət müxalifətlə dialoqda konstruktiv deyil, siyasi məhbuslar...”

Deyirəm ki, bunun mənə nə dəxli var? Deyir ki, mitinqə çıxıb etiraz eləməliyik. Nəyə?  Deyir ki, filankəslərin qanunsuz həbsinə. Deyirəm ki, bəs onlar niyə tutulub? Deyir ki, müxalifətçi olub mitinqlərə getdiyinə görə.

Vallah, mən axmağam, bu məndən daha axmaqdır. Bilirsən ki, tutula bilərsən, o mitinqə niyə gedirsən?

Yazıq 3 saat danışdı, axır ki, mənə siyasəti, demokratiyanı, insan hüquqlarını izah elədi. Amma bir sualıma cavab vermədi – Mən niyə taksi sürücüsüyəm?”

Yorum Gönder

0 Yorumlar