MətbuAT

Bu gün dünya dördüncü hakimiyyətin barmağı üzərində dönür. Elə bir zəmanədə yaşayırıq ki, mətbuat nəinki olanları göstərib keçmiş zamanı yaxınlaşdırır, hətta olmayanları danışıb gələcəyi yaradır.  “ Əl-Cəzirə” Qəddafini məhz belə -  Liviyadakı üsyanı üsyan başlayandan əvvəl uyduraraq devirdi (fikrimcə bu aksiomadır).  Artıq kütlə gördüklərinə duyduqlarından daha çox inanır ki, bu da medianın qələbəsi deməkdir. Amma bu qələbə medianı elə bir zirvəyə qaldırır ki, “bu zirvədə atmosfer təzyiqi azalır, hamının nəfəsi kəsilir”. Nədənsə, bütün media alpinistləri bu zirvəyə qalxmaq və  cəmiyyəti ovcuna sığacaq qədər böyük görmək istəyir. Halbuki, media insanın dostu olub onun yanında olmağa məhkumdur. Bəs, medianı yanlış yola sapdıran nədir? Əlahəzrət oxucu, mən bu yazımda elə bundan danışacağam.

Atalarımız gözəl buyurublar ki, aşıq gördüyünü çağırar. Mən də hər insan kimi gözümü açanda evimi, doğmalarımı görmüşəm. Azərbaycan adlı gözəl, əsrarəngiz evimdə  kiminsə diqqət toplamaq üçün şarlatanlıq eləməsi hər övlad kimi məni də narahat edir və müəyyən qədər əsəbiləşdirir. Canım məmləkətimin dəyərli media şeflərinin diqqət toplamaq üçün lazımsız hərəkətlər eləməsi məni ona görə narahat edir ki, mən onlara acıyıram. İnsan da ruhunu, ürəyini reytinqə satar?!
Bu gün dördüncü hakimiyyət zirvəyə  çıxmaq üçün sürünməklə məşğuldur. Biri “ Amaçi” serialını cəmiyyət üçün əlahiddə vacib məsələymiş kimi tok-şouda müzakirəyə çıxarır, biri insanların enerjisini “Toylar kralı” –yla sümürməyə çalışır, biri “Səni axtarıram”  deyə-deyə  insanların ümidini oğrulayır, biri məmurlar haqqında məntiqsiz, heç bir real sübuta əsaslanmayan fərziyyələriylə səni yorur. Saymaqla bitmir əziz oxucum. Sən ki bunları məndən yaxşı bilirsən. İndi səndən soruşuram, bunlara nə olub? Niyə Qarabağ, ədəbiyyat, sosial ədalətsizlik, təhsil boyda yaralarımız dura- dura dördüncü hakimiyyətimiz insanların həyatlarına müdaxilə edib onlara lazımsız, hətta zərərli iynələrlə beynimizi iynələyir?! Niyə sənin dərdin, istəklərin, ehtiyacların onların vecinə deyil?!  Və niyə bu sərsəm gediş durmur?!
İstəyirsən, suallarımın cavablarını da deyim. Çünki, sən insanlara, dünyaya, həyatına, vaxtına – qısası özünə düzgün qiymət verə bilmirsən, çünki sən gördüklərinə özündən və onların layiq olduğundan daha çox qiymət verirsən. Ona görə sənin qaldırdığın insanlar sənə avtoqraf verəcək (hələ verməyə də bilər) qədər təkəbbürlü, səni efirdən qovacaq qədər tərbiyəsiz, səninlə ünsiyyətdən qaçacaq qədər sapmış insanlara çevrilirlər. Televizoru, qəzeti, informasiya portallarındakı  yazıları oxuyanda yadına sal ki,  insan yararlandığı hər şeydən nəsə  öyrənməli, nəticə çıxarmalı, fayda əldə etməlidir. Sən insansan, reytinq cədvəlindəki rəqəm yox.


21 İyul 2012-ci il



Yorum Gönder

0 Yorumlar