Azərbaycan
hakimiyyətinin adminstrativ, siyasi, iqtisadi problemləri o qədər uzun müddət
davam etdi ki, problem olmaqdan çıxıb şəraitə döndü. Şəraiti dəyişmək problemi
dəyişməkdən çətindir, çünki onu dəyişmək istədiyin anda o şəraiti yaradanlardan
əlavə ondan yararlananlara da müharibə elan etmiş olursan. Boşluqlardan istifadə
edən nə qədər çoxdursa, düşmənin də o qədər çoxdur.
Demək olar ki, hər gün həm sosial şəbəkələrdə, həm
də real həyatda YAP hakimiyyətinin hansısa çatışmazlığını görürük. Küçəyə çıxıb
heç bir siyasi ambisiyası olmayan xalqı dinləsək, görərik ki, bizim
hayqırdığımız haqsızlıqların bəlkə də 100 dəfə çoxunu onlar görürlər. Bəs bütün
bu vəziyyətə rəğmən xalq niyə hələ də apolitikdir ?
İllər öncə siyasi sferanın qocaman simalarından
biri ilə söhbətləşmək imkanım olmuşdu. Söhbətin gedişində mənə dedi ki, “oğul, siyasət
intellektualların oyunudur. Burada təkcə
üsyanla, barışmazlıqla, prinsipiallıqla heç nə əldə edə bilməzsən. Şəxsiyyət
çox vacibdir, amma nə qədər şəxsiyyətli olursan, ol, şahmatı bilmirsənsə şahmat
oyununda qalib gələ bilməzsən” . İllər
keçdikcə, onun da bu bildiyinə riayət eləmədiyini gördüm deyə fikri mənimsədim,
müəllifi unutdum.
Açığını desəm, günümüzün siyasi sferasını olduqca
durğun və yararsız hesab edirəm. Əlimdə olsa, bu siyasi sferanı pozub yenisini
yaradardım, amma iqtidar-müxalifət
tandeminin “uğurlu” fəaliyyəti nəticəsində bu sferanın regenerasiyası o
qədər zəifdir ki, siyasətin kütləviliyini ancaq narkotik maddə biznesi şəbəkəsinin kütləviliyi ilə müqayisə etmək olar. Yəni,
ortada oyunçular yoxdur, amma özün də anlayırsan ki, gizlində bu işlə məşğul
olanlar var və çoxdular. İkinci sferadakı gizliliyin məntiqi var, amma siyasi
müxalifətin xalqın gözündə ayrı-ayrı, ad və soyadlarla yox, ümumi kontekstdə
“müxalifət” olmağının səbəbkarı nə qədər inkar etsək də, həm də real müxalif
qüvvələrdir.
Ədalət naminə deməliyəm ki, xalqın “dövləti
qorumaq, gözəlləşdirmək, daha da inkişaf etdirmək” məsuliyyətini öz üzərindən
atıb onu “seçilmişlərə” həvalə etməyi müxaliflərin işini xeyli çətinə salır.
Amma gördüyüm odur ki, müxalif
intellektuallar bu kontekstdə nəinki çıxış yolu axtarmır, reallığı bir az da
mübaliğə ilə çatdıraraq xalqı günahlandırır, onu aşağılayır. Nəticədə biz
tez-tez müxalifətlə xalq arasındakı kommunikasiya problemini görürük.Xalq
müxalifətə inanmır və ya onu anlamırsa, bunun günahı birmənalı olaraq müxalifətdədir.
Xalqın öz məsuliyyətlərini üstündən atmağı fonunda biz həm də müxaliflərin məsuliyyətlərindən
qaçdığını müşahidə edirik.Beləcə, təzyiqə məruz qalmalı olan siyasi iqtidar bu
“mərkəzdənqaçma” nəticəsində işinə rahat
şəkildə davam edir. Yəni, dolayı yolla bizim müxalifət istəməyərək iqtidara kömək
etmiş olur.
Diktatoru
kim yaradır?
Yəqin ki, hamımız görürük ki, mövcud vəziyyətdə siyasi hakimiyyətin ən
bacarıqlı olduğu sahə yaltaq ordusu yaratmaqdır. YAP elitası bu sahədə elə peşəkarlaşıb
ki, məmurları bu yaltaqlardan rahat şəkildə şahmat fiquru kimi istifadə
edir, bir biriylə döyüşür. Məni narahat edən şey bu “yaltaq
sənayesinin” inkişafında müxalifətin
roludur. Adını xatırlamadığım bir tarixi şəxsiyyət deyirdi ki, “Səninlə olmaq
düşməninlə olmaqdan daha sərfəli deyilsə, heç kimi xəyanətdə günahlandırmağa
haqqın yoxdur”. Bəs niyə bizim müxalifətlə olmaq çılğın və xüsusi prinsipial
adamlardan başqa heç kimə sərf eləmir? Niyə müxalif olmaq xalqın gözündə ancaq
iş tapmamaq, daim təqib, təhdid və təhqir olunmaqla assosasiya olunur ?
Bu sualların yaranmağında sözsüz ki, hakimiyyətin təzyiqlərinin
də çox böyük rolu var, amma vəziyyəti heç olmasa yüngülləşdirmək, öz tərəfdarlarını
təhlükəsizlikdə hiss etdirmək üçün müxalif liderlər nə edə bilir? Bəli, bu vəziyyətdə müxalif liderlər onu
haqlı sayıb yanında duranlara ancaq təşəkkür edə bilir. Quru təşəkkürlə qane
olan çox adam tapa bilməzsiniz. Belə vəziyyətdə qazana biləcəyiniz adamlar
artıq itirməyə heç nəyi qalmamış, narazılığı düşmənliyə çevrilmiş
adamlardır.Onların ağlında ancaq hakimiyyəti devirməkdir, irəliyə dair planları
yoxdur. Vəziyyəti belə görən liderlər isə
disskursunu dəyişmək əvəzinə xalqın hakimiyyətə olan münasibətini düşmənliyə
çevirmək, öz saylarını bu yolla artırmağa çalışırlar. Bu da fərqli metoddur,
amma effektivliyi məndə şübhə doğurur.
Müxalifət-Xalq
münasibətləri
Daha əvvəl də qeyd etdiyim kimi Müxalifətlə xalq
arasında kommunikasiya problemi var və olduqca dərindir. Məsələ orasındadır ki,
AXCP,MÜSAVAT,Milli Şura kimi müxalif təşkilatlar əksər hallarda xalqla yox,
hakimiyyətlə danışırlar. Xalqla danışdıqları vaxtlarda belə xalqa yanlış hesab
elədiyim mesajlar verirlər. Belə hesab edirəm ki, ReAl bu çatışmazlığın fərqinə varıb və “vəziyyəti düzəltməyə
çalışır”. Ən azından Əli Kərimli kimi xalqa “ hakimiyyət qəddardır” mesajı əvəzinə
“hakimiyyət axmaqdır” mesajını verir. Bu mesajı ilə bir çox hallarda razı
olmasam da, ReAl-ın vəziyyəti karikaturizasiya eləməyini təqdir edirəm. Çünki
tarix də göstərir ki, qorxu yaratmaq iqtidarın işidir və məqsədi öz hakimiyyətini
gücləndirməkdir. AXCP YAP-a qarşı hakimiyyət mübarizəsi aparır, amma şəxsən mən
bu iki partiyanın xalqa yanaşma tərzində bir fərq görmürəm. İkisi də xalqı digərinə
düşmən (məhz düşmən) etmək məntiqi ilə hərəkət edir. Bundan əlavə “hakimiyyət əlində olan bütün
imkanlardan istifadə edəcək qədər qəddar və praqmatikdir” mesajını verməklə xalqın
manevr imkanını məhdudlaşdırır. Qəbul eləmək lazımdır ki, hamı fədakar deyil,
bu təzyiq imkanını görən hər adam bununla qarşılaşmağı yumşaq dillə desək, xəyal
etmir. Heç kəs Cəmil Həsənlinin, Əli Kərimlinin, Fuad Qəhrəmanlının, Fuad Əhmədlinin,
Tofiq Yaqublunun, Saleh Rüstəmlinin və s. yerində olmaq istəməz. Heç kəs oğlunun, dostunun, sevgilisinin,
qardaşının, bacısının, qızının həbs olunmağını, şərlənməyini istəməz. Sizcə, bu reklam üsulu uğur qazana bilərmi?
Bu adamların heç biri qədər radikal və fədakar deyiləm, amma hər gün ailəm,
qohum-qonşularım mənə deyirlər ki, “bala, səni axırda tutacaqlar”. Bu gözləntinin,
ehtiyyatın özü böyük problem deyilmi?
Yəqin
ki, fikir vermisiniz : Uzun müddətdir ki, xalqın gözündə “Kriminal avtoritet (
onun əvəzində narkobaron, oğru və s. də ola bilər) həbs olundu” xəbəri ilə
“siyasi aktivist həbs olundu” xəbəri arasında
ciddi fərq yoxdur. Səbəbi nədir ?
Niyə apolitik cəmiyyət hansısa siyasi aktivistin həbs olunmağına normal baxır?
Bunun səbəbini araşdırmaq istərdinizmi?
Razıyam, hakimiyyətin müxalif simalarla rəftarının
bu fikrin yaranmağında çox böyük rolu var, amma siyasət həm də şəraitdən
minimum itki ilə çıxmaq bacarığıdır. Mən inanmaq istəmirəm ki, 29 ildir ki, sərtləşmələr
xaric, bu baxışını dəyişməyən hakimiyyətə qarşı mübarizə metodunu dəyişməyi təklif
edən olmayıb. Yəni, hərəkatçılıq məntiqindən çıxıb sivil siyasət metodları ilə
mübarizə aparılsaydı, biz bu qədər siyasi məhbus yolu gözləməz, hakimiyyətin qəddar
üzünü bu qədər aşkar şəkildə görməzdik. Təkrar edirəm, rəqibini qaniçən kimi
göstərmək öz potensial elektoratını öz cəsarəti ilə üz-üzə qoymağa bərabərdir.
Güc balansının bu qədər nataraz olmağının fonunda insanlar zəif tərəf ancaq
itirməyə heç nəyi olmayan elektorata sahib ola bilər. Bu, isə həm gələcək inkişaf yolunu məhdudlaşdırır,
həm də...
“Hakimiyyət müxalifətə qarşı niyə aqressivdir?”
sualına üç əsas səbəb tapmaq olar.
1)
Müxalifətlə iqtidar arasında elektorat baxımından balans yoxdur
Müxaliflik
kütləviləşə bilmədiyinə görə kütləvi müqavimət tələb edən platformalarda
darmadağın olur. Mən polisin mitinq iştirakçılarından çox olduğu xeyli mitinq
saya bilərəm. Gülməlisi odur ki, bu reallığı ondəfələrlə görməyinə baxmayaraq,
siyasi müxalifət mübarizəsini məhz bu platformada davam etdirir, üstəlik dara düşəndə
iqtidarı “100 minlik mitinqlərlə” hədələyir. Nəticədə eyni təzyiq üsulları o qədər
tez-tez gündəmə gəlir ki, xalqın gözündə real şəraitə çevrilir.
2)
Müxalifət iqtidara qarşı nifrət formalaşdırır
Diktatorları
“taxtlarında” saxlayan ən güclü arqument təhlükəsizlik, başqa dillə desək,
sabitlikdir. Şəxsən mən “görəsən, xalq ayağa qalxsa, nə olar?” sualı ətrafında
düşünəndə ağlıma gələn ssenari hazırki hakimiyyətdən başqa heç kimə sərf etməyən
sabitlikdən daha pisdir. İnsanlara xaos təklif edərək, sabitliyi pozmağını istəyə
bilərsiniz, amma bu halda ağlı başında olan adama “gəl diktatoru devirək, mən
hakimiyyətə gəlim. Amma mən demokrat olacağam” desəniz, sizə gülər. Şüurlu adam
başa düşür ki, bu devrilmənin ardınca repressiya, gecikmiş cəzalar və haqqında
heç bir təsəvvürü olmadığı mənzərə gələcək. Üstəlik, xalqın korrupsiya kimi
bağışlanılmaz cinayətin çirkabına bu qədər batdığı reallıqda sən “ rüşvət verənləri
də, alanları da həbs edəcəm” deməklə heç nə qazana bilməzsiniz. Hakimiyyətin sənə
etdiyi bütün qanunsuzluqları legitimləşdirməyi üçün verməli olduğu bircə mesaj
var : “Onlar sabitliyi pozmaq istəyirlər”
Bu mesaj sizə tanış gəldi?
Sizin
etməli olduğunuz şey insanlara daha cazibədar sabitlik mesajı vermək idi.
3)
Klassik müxalifətin daxilindəki anormal pessimizm
2019-2020 –ci illərdə həm
bələdiyyə, həm də növbədənkənar parlament seçkiləri keçirildi. Klassik Müxalifətin
bayraqdarı Milli Şura və AXCP isə bu seçkiləri nəinki boykot etdi, hətta orada
iştirak edənləri satılmışlıqda günahlandırdı. Ümumiyyətlə, seçkilər ətrafında
dönən proseslər Milli Şura daxilində də fikir ayrılığına səbəb oldu – MÜSAVAT
seçkiyə qatıldı. Amma bu barədə danışmasaq da olar. Bəs sonra nə oldu ?
İki seçkilərdə də az da
olsa, müxalif namizədlər qalib gələ bildi (sayı çox az olsa da). Nəticədə
xalqın gözündə klassik müxalifətə dair bir sual yarandı-“Bunlar nə istəyirlər?”
Məni düzgün anlayın,
demokrat olduğunu iddia edən siyasi fiqur və ya təşkilatın seçkidən çəkilmə
kimi şansı yoxdur. Seçkidən çəkilib
demokratik dəyişiklik tələb etmək ən yumşaq dillə desək, utopikdir. Bu hərəkəti ilə klassik müxalifət xalqın
gözündə potensial təhlükəyə çevrildi, çünki yuxarıda da izah etdiyim kimi,
hakimiyyətlə xalqın razılaşdığı bəlkə də yeganə nüans “təhlükəsizlik və
sabitlik”-dir.
Mesaj...
Nə qədər məhdudlaşdırılsa da, etiraf etməliyik ki,
klassik müxalifətin xalqa çıxış imkanı hələ də var və zəif deyil. Bəs onlar bu
imkanlarından necə istifadə edirlər? Xalqa hansı mesajları verirlər?
Bu illər ərzində klassik müxalifət (AXCP-MÜSAVAT ) xalqa
ancaq “Biz böyük bir bəladayıq, sizin xilasınız isə ancaq bizim əlimizdədir”
mesajını verib, amma xilas yolunu göstərmək əvəzinə indiki vəziyyətin vəhaməti
barədə danışıb. Yəni, klassik müxalifət “ Niyə YAP-a səs verməməlisiniz?”
sualına cavab verib, amma “niyə bizə səs verməlisiniz?” sualını cavabsız qoyub,
məcburiyyət hiss edəndə isə “Uşaq pulları 300 manat olacaq”, “Hər kəsin evində
kompyuteri olacaq”, “minimum maaş 2000 manat olacaq” kimi heç bir real əsası
olmayan, utopik vədlərlə çıxış edib. Ən
çox vəd etdikləri demokratiya, ən çox tənqid etdikləri isə diktatura və
korrupsiya olub, amma heç vaxt istədiklərinə necə çatacaqları ilə bağlı
konkret, mötəbər izah verməyiblər.
Qarşılığında xalq onların dediyinin birinci hissəsini haqlı hesab edib YAP-a
səs verməmək üçün seçkilərə çıxmır, çünki ikinci hissənin cavabını almayıb.
Buna görə də seçici azlığından istifadə edən Məzahir Pənahov və muşketyorları
seçki qutularını sehirbaz şlyapası kimi istifadə edə bilirlər.
Partiyalar
gənclərə nə qatır?
Bir də səni izləyənlərə, arxanda duranlara dəyər qatmaq məsələsi var. Uğrunda
mübarizə aparan, təqib olunan, həbsi gözə alan gənclər bu mübarizədən acı təcrübə
və itən illəri çıxmaq şərtilə, mənəvi rahatlıqdan başqa nə qazanırlar? Bilik?
Bacarıq ? İntellektual resurs? Bu gənclərin
bir çoxu iş, kirayə ev tapa bilmir, sevdikləri ilə evlənə bilmir, sosial şəbəkələrdə
sizi müdafiə, təbliğ edir, hətta hədəf göstərdiklərinizi tənqid edir ki,
bununla öz vaxtlarını enerjilərini sərf edirlər. Tamam, onlar bunu sizə inandıqları,
dəyər verdikləri üçün qarşılıqsız edirlər. Amma sizə elə gəlmir ki, liderlər
olaraq siz də onların inkişafına töhfə verməlisiniz?
Tutalım ki, indiyə qədər qərargah, ofis problemi səbəbilə
gənclərinizlə doğru-dürüst münasibət qura, onların fərdi inkişafına dəstək ola
bilmirdiniz, bəs bundan sonra ? Onlayn təlim, müzakirələr qurmaq olmazmı?
Deyə bilərsiniz ki, “bizim tərəfdarlarımıza dəyər
qatmaq üçün maliyyə və ya kadr imkanımız yoxdur”. Bu zaman avtomatik olaraq iki
sual meydana çıxır:
Bu barədə iş görmək çün maliyyə məhdudiyyətini
aradan qaldırmaq üçün bir plan qurmusunuzmu? İşini bilən və gənc
partiyadaşlarına öyrətmək istəməyən kadrlarla sizin hakimiyyətdə neyləmək
fikriniz var?
Məsələn, xırda fond yarada bilərdiniz, o fonda hər
üzv 1 manat ianə etsəydi, sizin azı 50 gənci hər hansı bir kursa göndərmək
imkanınız olardı. Sonra o 50 gənc öyrəndiklərini 500 nəfərlə bölüşə bilərdi.
Beləcə partiyanız 550 tələbənizə dəyər qatmış olardı. Beləcə müxtəlif işlər
görmək olardı, amma indiyədək görülməyib. Siyasi məhbus ailələrinə maliyyə
yardımı gözəldir, amma kadr yetişdirmək də o dərəcədə vacib sahə deyil?
Xülasə...
Azərbaycan
klassik müxalifəti fədakar mübarizəsinə baxmayaraq, professional siyasət
qavramından xeyli uzaqdır. Burada məqsəd illərdir ki, rejimin təqiblərinə məruz
qalmağına baxmayaraq, mübarizədən çəkilməmiş fədakar insanları günahlandırmaq
deyil, onların mübarizə metodlarına güzgü tutmaqdır. Çünki xalqın ən böyük dəyəri
ümiddir. Ümidi öldürmək isə insanı öldürməklə eyni mənanı daşıyır.
0 Yorumlar