COVİD – 19 pandemiyasının qlobal yayılması dünyanı
heç vaxt rastlaşmadığı bir vəziyyətlə qarşı-qarşıya qoyub. Tezliklə qlobal səhiyyə
böhranı fonunda iqtisadi böhran (konkret desək, təklif böhranı) dünya ictimaiyyətini
və siyasi elitanı olduqca radikal bir
dilemma qarşısında qoyacaq – ya insanları qorumaq, ya da iqtisadiyyatı...
Bildiyiniz kimi, iqtisadi münasibətlərin lokomotivi
insanlar və onların tələbəbatları,
dolayı yolla qarşılıqlı münasibətləridir. Bu izolyasiya şəraiti dolayı yolla iqtisadi münasibətləri də “baltalayır”.
Hazırki situasiyada onlarla sahə qeyd edə bilərik ki, mövcud konyekturada heç
bir şəkildə insanlara və onların hazırki tələbatlarına xitab eləmir. Halbuki
bircə ay qabaq bu sahələr qlobal və lokal iqtisadiyyatın çox vacib sahələri
hesab olunurdular. Bu rakursdan baxanda təsdiq olunur ki, hal – hazırki reallıq bizə ən
yaxşı halda orta müddətli iqtisadi durğunluq, ən pis halda isə bəşəriyyətin görəcəyi
ən dərin iqtisadi böhranın, iqtisadi münasibətlər sistemində önəmli yer tutan
azad bazar iqtisadiyyatı mexanizminin tənəzzülünün xəbərçisidir. Yəni, vəziyyət
kifayət qədər ciddidir. Mən bu yazıda pandemiya dövrünün təhlil etmək, həm də
post pandemiya dövrü barəsində düşüncələrimi paylaşmaq istəyirəm.
Dünya iqtisadiyyatının hal – hazırki vəziyyətini müəyyənləşdirən
əsas platforma dünya birjasının vəziyyətidir.
Göstəricilərlə, həmçinin dünya və ölkə miqyasında tanınmış ekspertlərin
proqnozlarıyla tanış olandan sonra belə müşahidə etdim ki, hal hazırda dünya
iqtisadiyyatı panika və inamsızlıq mərhələsindədir. Bu mərhələnin ən əsas
xarakteri odur ki, dövriyyədə olan pul və ya digər dövriyyə vasitələri kəskin
azalır, çünki panikada olan subyektlər aktivlərini dövriyyədə saxlamaq əvəzinə
tədarük edib situasiyanın aydınlaşmasını gözləyirlər. Bununla onlar əslində
dolayı yolla ən arzuolunmaz ssenarinin reallaşmasına yardım etmiş olurlar, amma
praqmatik nöqteyi-nəzərdən onların bu qərarları başa düşüləndir. Panika dönəmi
güclü böhran idarə etmə, operativ və düzgün qərarvermə bacarığı tələb edir.
Amma hal – hazırki situasiyada dövlətlərin, həmçinin iqtisadi təşkilatların təsir
rıçaqları son dərəcədə məhduddur ki, bu da həm indiki situasiyanı, həm də hadisələrin
gələcəkdə cərəyan edəcəyi ssenarini dərinləşdirir. Dövlətlərin mövcud
konyekturada görə biləcəyi yeganə tədbir vəziyyəti öz vəsaitləri hesabına
stabil saxlamağa çalışmaqdan ibarətdir.
Pandemiyanın tezliklə (2-3 ay ərzində ) öz aktuallığını, yayılma sürətini
və ya təhlükəsini itirəcəyi təqdirdə bu addımların təsiri müsbət ola bilər, amma bu şərait uzansa, birinci abzasda yazdığım
kimi, dövlətlər dilemma qarşısında qalacaqlar.
Postpandemiya dövründə dünya iqtisadiyyatında
ortamüddətli iqtisadi durğunluq ona görə yaranacaq ki, istər mikroiqtisadi, istərsədə,
makroiqtisadi səviyyədə subyektlər “itirdiklərini geri qaytarmağa”
çalışacaqlar. Bu, hal-hazırki təklif böhranını tələb böhranına çevirəcək. Bu
böhran əvvəlcə qeyri-adekvat təklif bumu,
qiymət artımı, alıcılıq qabiliyyətinin aşağı olması ilə müşahidə olunacaq ki,
bunların qarşısını almaq əvvəlcə mikroiqtisadi sferada dövlətin radikal müdaxiləsi,
tənzimləmə siyasətinin daha da sərt olmasını tələb edir. Yazının əvvəlində qeyd
etdiyim azad bazar iqtisadiyyatının süqutu məhz belə ola bilər. Makroiqtisadi cəhətdən
isə bu yaranacaq şəraitin tək çıxış yolu iqtisadi qlobalizasiyanın sərtləşməsi,
iqtisadi təşkilatların təsir mexanizmlərinin gücləndirilməsi ola bilər. Yəni
bütün hallarda (daha sonrakı yazılarımda bu prosesin siyasi, psixoloji, sosioloji cəhətdən
analizini də aparacam) COVİD-19 dünyanın praqmatik düşüncə sisteminə keçidi
üçün katalizator rolunu oynayacaq.
0 Yorumlar