Qəhrəmanlıq və aşağılıq

Heç kim qüsura baxmasın, susmayacam. Axı kimsə dinməlidir. Axı kimsə qalxıb deməlidir ki,vaxtilə Qarabağ uğrunda döyüşmüş qazilərimiz var. Axı kimsə deməlidir ki, o qazilər olmasaydı, indi biz olmazdıq. Niyə onları unutmuşuq?


Bakının mərkəzi küçələrindən birində yerləşən işədüzəltmə firmalarından birinə  xadiməçi kimi iş axtaran Q.S. adlı qadın firmanın müdiri tərəfindən zorlanıb. Həmən qadın da vaxtilə Ağdam uğrunda döyüşən könüllülərdən birinin qızıdır.

Bu xəbəri eşidəndə elə bildim ki, ayağım yerdən kəsiləcək. Bir an mənə elə gəldi ki, indicə özümdən gedib yerə yıxılacağam. Divanda oturub gözümü yumdum və düşündüm: Görəsən, torpağı uğrunda vuruşan qazinin qızını zorlamağa belə qadir olan milləti sevməyə dəyərmi?

Hə əfəndim, belə şeylər də olur həyatda.  Darvinin vaxtıyla irəli sürdüyü “təkamül nəzəriyyəsi” indi tərsinə cərəyan edir və bizə sübut edir ki, zaman elə saat əqrəbləri kimi məhdud çevrə daxilində inkişaf edir və nə vaxtsa hər şey başladığı yerə geri dönür. Əgər nə vaxtsa biz heyvandan yarandığımıza etiraz edirdiksə, indi insandan heyvana çevriliriksədə, kimsə buna reaksiya göstərmir. Görəsən, nə vaxt biz bizi sevənlərə,qoruyanlara layiqli ehtiram göstərəcəyik?

Maraqlı budur ki, polis idarəsi bütün bunları bilə-bilə  araşdırmanı ləngidir. Hətta vəziyyət o yerdədir ki, müstəntiq qızın anasına utanmadan deyir ki, “ Atan müxalifətçiləri müdafiə eləmir? İndi də müxalifətçilər gəlsinlər, qızının hüquqlarını qorusunlar”. Bu tərbiyəsizə indiyəcən niyə başa salmayıblar ki, “sən  təkcə iqtidarçıların yox,bütün Azərbaycan vətəndaşlarının hüquqlarını müdafiə etməlisən”? Azərbaycan polisi niyə Qarabağ qazilərinin Azərbaycan üçün etdiklərini anlamayacaq qədər dar düşüncəli olmalıdır? Niyə vətəni uğrunda canını verməyə belə hazır olan qəhrəmanlar indi aşağılanmalıdır? Belə çıxır ki, onlar vətənlərini qorumaqda yanlışlıq ediblər?

Keçmiş arxada qalmış olmaqla bərabər həm də dərsdir. Bir gün bu günümüz də keçmişə çevriləcək. İndi düşünün, gələcək bu gündən nə dərs alacaqlar?

P.S. Şəxslərin və qurumların adını çəkmədiyim buna cəsarət etmədiyim kimi anlaşılmasın. Bu sırf zərəçəkmişlərin duyğularına və şəxsiyyətinə, həmçinin dövlətimə olan hörmətimin təcəssümüdür.

 17  Oktyabr 2011-ci il

Yorum Gönder

0 Yorumlar