Niyə intihar edirik?


İntihar siyasət, sosiologiya, fəlsəfə, ədəbiyyat barəsində aparılan müzakirələrə bənzəməz. Ortada yarımçıq qoyulan bir ömür var. Hələ bu ömür bir gəncin özünə qəsd etməsiylə bitirsə. İntihar həyatın mənasızlığının dərk olunmasından sonra yaranırsa, həyatın hansı mənaya sahib olması məsələsi ortaya çıxır. Həyatın mənası nədir?


Psixoloq dostlarımız da təsdiq edə bilərlər ki, hər hansı bir insan üçün həyatın mənası onun özünü ifadəsi ilə bağlı məsələdir. Yəni, fərd o halda intihar edir ki, özünü ifadə etməkdə çətinlik çəkir. Özünü ifadə nə zaman çətin olur?

Özünüifadənin çətin olduğu mühitlər daha çox avtoritar mühitlər olur. Azərbaycan ailəsinin , təhsil ocaqlarının, ictimai mühitin, həmçinin onları tənzimləməli olan mexanizmlərin (sosial institutlar, dövlət və s. ) quruluşlarına nəzər salsaq görərik ki, Azərbaycan bütün sferalarda avtoritar üsulla zəncirlənib. Güzgünün qarşısına keçib qorxmadan özümüzə ifadə etməliyik ki, bizim sosial mühitimiz getdikcə monotonlaşmağa doğru gedir ki, bu da özünü ifadəni çətinləşdirir. İnsana yazmağı, qışqırmağı, göstərdiyim yollarla etirazını bildirməyi qadağan edə bilərlər, amma heç kəsə düşünməyi yasaqlamaq olmaz. Düşünmək insanın özünü formalaşdırır, danışmaq, qışqırmaq, yazmaq, demək isə həmin özü ifadə etmək üçün vasitələrdir. O vasitələr aradan qalxırsa, fərqli düşünən insanlar intihara bir addım yaxınlaşırlar. Gənclərin son intiharlarını araşdıranda ortaya çıxır ki, fərqli düşüncəli fərdlərin ailədə özünü ifadəsi getdikcə çətinləşir. Buna səbəb iki müxtəlif şəraitdə formalaşan ailə böyükləri və ailə kiçiklərinin münasibətindəki qopuqluqlardır. Konservativ mental struktura malik olan ailələrin “ərköyünləri” bu strukturda özlərini ifadə edə bilmədikləri üçün ailədaxili problemlər nəinki həll olunmur, hətta böyüyür. Nəticədə gənclərin intihar hadisələri genişlənir. Müasir ailələrin quruluşunda fərdlər arası münasibətlərin azaldığını hamı görür, və ya hiss edir. Fərdlər arası dialoqlar azalır, çünki hər iki tərəf bir – birini rəqib kimi görür. Bu psixoloji savaş fonunda heç bir tərəf eqosunu tətmin edə bilmədiyi üçün kompromisdən söhbət gedə bilməz. Nə vaxt ki, ailədaxili xırda mübahisələr savaşa çevrilir, orda mütləq ölü olur. Ya abır – həya pərdəsi, ya inam, ya sevgi, ya da ... Gəncin intiharı ailə fərdlərinin qalib gəldiyini dərk etməsi və özünü əsir etməmək üçün qətl etməsidir. Ona görə də - Savaşmayın, danışın.



Yorum Gönder

0 Yorumlar