Susmaq əsla məğlub olmaq deyil,
amma heç qalibiyyət də danışa bilən lallara qismət olmur. Susmaq-
həyat adlı döyüşdən kənarda qalmaqdır ki, bu hal məğlubiyyətdən belə
aşağılayıcıdır. Gördünsə, fikir bildirməlisən və unutmamalısan ki, o fikir
sənin öz fikrin olmalıdır. İnsan özünə qorxularından və nəfsindən azad olandan
sonra nail olur. Fikrini bildirmək qorxularından və nəfsindən, onlara yenilərək
qursağında ilişib qalmış fikirlərini səsləndirə bilməməkdən doğan vicdan
əzabından azad olmaqdır. Azərbaycanda azad olmaq cəsarətli davranışdır. Sivil
ölkələrdə isə bu belə deyil.
Dünyada ən varlı insanlar heç
şübhəsiz ki, narkobaronlar, silah düccarları və ya qaçaqmalçılar olur. Sizcə
niyə? İqtisadiyyatdan anlayışınız olsaydı, bilərdiniz ki, tələbsiz təklif
olmur. Yəni, dediklərimi alan olmasa satanlar bu qədər
qazanmazlar, elə deyil?! Bəs onlar kimlərinsə zərurətinə
çevrilibsə, azadlığın zərurətə çevrilməyəcəyinə kim zəmanət verir? Azadlıq
insanın təməl zərurətidir, bunu ya verməlisən, ya da səndən “çırpışdıracaqlar”.
Bax, buna görə sivil ölkələrin idarəediciləri vətəndaşlarına azadlığı öz
xoşuyla verir. Bəs biz nə edirik?
Bu gün
özünü azad hiss edib azadlığını cümlə-cahana elan etmək istəyən hər kəsə elə
münasibət göstərilir ki, elə bil o anarxistdir. Bizim ölkəmiz anarxist görməyib
və İnşallah ki, görməyəcək. Görəsən, azadlığını nümayiş etdirmək istəyən
vətəndaşa bu cür münasibət göstərənlər heç düşünüb ki, bir gün özünü bu
damğadan müdafiə eləməyə çalışan fərdlər bezib damğasının haqqını vermək
fikrinə düşə bilər?! Vətəndaşla oyun oynamaq olmaz, əzizlərim. Özünü azad görən
insanla isə, heç olmaz. Çünki onu sənin sanksiyaların, təzyiqlərin
qorxutmur. O, azadlığı öz haqqı kimi görürsə, onu mütləq alacaq. Ya
konstruktiv, ya da dekonstruktiv yolla. Siz onu döyə bilərsiniz,
valideynlərini, özlərini, qohumlarını işdən çıxarda bilərsiniz, amma hər təzyiq
onun əlindəki bir şeyi almaqla bərabər, həm də onun əlində olanları itirmək
qorxusunu yox edəcək. Və bir gün qarşınıza özünüzün yaratdığı bir bədheybət
çıxacaq. Dövlət sabitliyin qoruyucusu olmalıdır, üsyan yaradıcısı yox.
Dövlət
çalışmalıdır ki, vətəndaşının cəsarət göstəricilərini azaltsın. Vətəndaş
dövlətə inanmalı, ondan əsla qorxmamalıdır. İstənilən dövlətin varlığını isbat
edən ən əsas faktor – vətəndaşlarıdır. Dövlətin bütün instansiyaları,
vətəndaşlara xidmət etmək üçün yaradılıblar. Bunu unudan məmurlar
xatırlamağa məhkumdurlar. Ədalətsizlik anlamı insanı ən çox stimullaşdıran
faktorlardan biri, bəlkə də birincisidir. Yəni, ədalətsizlik edən məmur
unutmamalıdır ki, mütləqa etdiyinin cəzasını yerdə, həm də ədalətsizlik etdiyi
vətəndaşdan görəcək. Ağlı başında olan heç kim itirməyə azadlığı belə olmayan
insanı, yəni vətəndaşı özünə düşmən eləməz. Tarix dərsi demək istəməzdim,
amma məcburam ki, dediklərimin haqlı olduğunu sizə isbat edim.
Oktyabr
inqilabı Nikolayın öz təbəələrini dinləmək istəmədiyinə görə oldu. İtirməyə heç
nəyi olmayan təhkimli kəndli nəhəng Rusiya imperiyasını yerlə yeksan etdi və
Romanov sülaləsini yer üzündən sildi. Eləcə də SSRİ öz vətəndaşlarının
etirazlarına məhəl qoymadığı üçün süqut etdi. Düzdür, burada kənar təsirlər,
provakatorlar, agentlər var idi. Amma unutmayın ki, insan robot deyil və qərar
vermək bacarığına sahibdir. Əgər kimsə dövlətə qarşı üsyana qalxırsa, mütləq
günahkar dövlətdir ki, vətəndaşını razı sala bilmir. Məsələn, əgər hansısa
Amerikan agenti Azərbaycanda “əsgər ölümünə son” devizi ilə etiraz aksiyası
keçirərək 2500-3000 aksiyaçını bir araya gətirirsə, bunun günahı amerikan
agentində və ya o aksiyada iştirak edənlərdə deyil, əsgər ölümünə biganə
qalan dövlətdədir. Kimin görməyindən asılı olmayaraq əgər dövlətin hər hansı
strukturunda boşluq varsa, bu boşluq aradan qaldırılmalıdır ki provakatorların
provkasiya fəaliyyətiylə məşğul olmaq üçün arqumenti olmasın. Dövlətinin
varlığının, özünün isə kənar qüvvələrə qarşı qarantı olan əsgərinin qeyri-döyüş
şəraitində ölümünə etiraz edən vətəndaşa anarxist, vətən xaini,
anti-milli ünsür demək hakimiyyət , nümayəndələrinə qarşı vətəndaş inamını sarsar.
Bu münasibət atanın “qapı sınıqdır,ata. Onu düzəlt” deyən övladına “ səsini
kəs, küçük!” deməsinə bənzəyir. Üstəlik nəzərə almaq lazımdır ki, övlad istəsə
də, atanı dəyişdirə bilməz, amma vətəndaş istəsə...
14 Mart 2013 - cü il
11 May 2013-cü il
0 Yorumlar