Azərbaycan dünyanın ən gülməli, həm də ən acınacaqlı dövlətidir.
Heç zəhmət çəkib ölkəmizi Afrikadakı yoxsul ölkələrlə müqayisə eləməyə cəhd
etməyin. Birincisi, onlar de - fakto dövlət deyillər, çünki əksəriyyətinin
ordusu, dövlət başçısı belə yoxdur. İkincisi, onların dərdlərinin kifayət qədər
konkret və qısamüddətli tədbirlərlə uzunmüddətli həlli var - oranı
lazımsız ünsürlərdən təmizləyib sənaye kompleksləri yaradan olsa, bütün problemləri
həll olunar. Amma bizim cəmiyyətə nəzər salanda fəlsəfə, iqtisadi, siyasi
düşüncə - qısası intellektual resurs sayılan bütün növ düşüncələr çökür. Niyə?
Çünki Azərbaycan cəmiyyəti azı 50
milyon cür düşüncəni özündə daşıyan xaotik bir topluluqdur. Bu
iddiamla riyazi məntiqi də çökdürdüyümün fərqindəyəm, amma hər gün gördüyünüz
insanlara nəzər salsanız görərsiniz ki, həqiqətən də bir insan içində 5 -6
şəxsiyyət daşıya bilir. Bizdə bir insanın bir obyektə, hadisəyə münasibəti
subyektiv belə deyil, polisubyektivdir (fəlsəfəyə gətirdiyim yeni terminə görə
məni təbrik edə bilərsiniz). Yəni, biz hər hansı obyekt, hadisəyə münasibət
bildirərkən o qədər faktoru istəyərək və ya fərqinə olmadan nəzərə alırıq ki,
sonda o münasibətdə subyektivliyin təhqir olunmuş variantı qalır. Şəraiti
nəzərə alaraq hadisəyə münasibət tipik tacir xarakteridir. Biz millət olaraq
tacir xarakterindəyik,bunu qəbul eləməyin vaxtı çatıb.
Bu günə qədər ölkədə
bəlkə də yüzlərlə bina sökülüb və onların içində etiraz aksiyası keçirənlər də
az olmayıb. Lakin mən indəyəcən görməmişəm ki, özü yaşadığı binanın
sökülməsinə etiraz edən bir nəfər sabah başqa bir binanın sökülməsinə etiraz
edən həmyerlisinə dəstək versin. "Mənə nə?", " O mənə
dəstək vermişdi?"
İndiyəcən bəlkə də 30
etiraz aksiyasında iştirak eləmişəm amma, görməmişəm ki, o aksiyalarda evləri
sökülən məzlumlar da iştirak eləsinlər. Seçki yaxınlaşanda da o
məzlumların hamısı öz evini sökənlərə səs verirlər. Onlar öz talelərinə
laqeyddirlər, ya saf uşaqlar kimi kin saxlamırlar? Qətiyyən elə deyil. Bəs
onlar özlərinə zülm edən adamlara harada etiraz edirlər? Bəli, tinlərdə və ya
qiybətlərdə. Sizə yalan danışıblar əzizlərim, Nikolayın evini dedi - qodu
yıxmayıb, üsyan yıxıb. Niyə qorxursunuz? Əsgərliyə övlad göndərirsiniz - tabutu
gəlir, ev alırsınız - dövlət onu xarabaya çevirir, məktəbə uşaq yollayırsınız -
qoyun gəlir, xəstəxanaya hamilə qadın yollayırsınız - iki meyit gəlir, əziyyət
çəkib mənəviyyatlı, tərbiyəli, ədalətli övlad böyüdürsünüz - sabah MTN gəlir
ona "anarxist" ayaması qoşub öz təcridxanasına qaçırdır (bəli,
məhz qaçırdır). Hələ özündən aşağı rütbəli zabitin həyat yoldaşını zorlayan
"qəhrəman" generallarımızı, sənin 20 Yanvarda tank qarşısında durmaq
bahasına müdafiə eləməyə çalışdığın bayraqdan tutub qızını tutan qarnıyoğun
polislərimizi heç demirəm.
P.S. Qurşaqdan aşağı zərbə vurdumsa, bağışlayın.
0 Yorumlar