Qəhrəman intizarı


Baxmaq-görmək-düşünmək-hərəkət etmək... Bizim baxmaq , görmək və düşünməklə aramız yaxşıdır, amma gəlin etiraf edək ki, hərəkət eləmək fazasına qarşı fobiyamız var. Biz nə hərəkət etməyi, nə də hərəkət edənləri sevmirik.  Çünki qorxuruq.Bəlkə, bizim hərəkətsizliyimizin səbəbi düşünmək dayanacağında çox ləngiməyimizdədir. Bəs biz niyə çox düşünürük?


Düşünmək nədir ? Bildiklərimi ümumiləşdirəndə belə nəticəyə gəlirəm ki,  bir məsələ haqqında düşünmək – hadisəni xronoloji, məntiqi ardıcılıqla təhlil etməkdir. Yəni biz bir hadisə ətrafında düşünərkən özümüzə üç sual veririk: Bu fenomen necə yarandı, indiki şərait necədir, necə olacaq?
Hadisənin necə olduğunu və situasiyanı təhlil etmək cəhətdən heç bir problemimiz yoxdur. Amma üçüncü sualın cavabı olmadan 4 – cü fazaya keçid absurddur. Məsələ üçüncü sualın cavab versiyalarıdır ki, Azərbaycanda bu versiyalar daha genişdir. Bu, özünü ifadə cəhətdən daha sərfəli və effektivdir. Sırf bu versiyalar insanlara qorxaq, cəsarətli, pozitiv və ya fədakar olduqlarını özlərinə göstərir, yəni hansısa mənada yuxarıda qeyd etdiyim üçüncü sual psixoloji testdir. Bəs bu testdən niyə cəsarətli, pozitiv düşüncəli və fədakar fərdlər ortaya çıxmır? Təhlil olunmalı məqam məhz budur.
Vətəndaş dövlətinin, dövlət isə vətəndaşının məhsuludur. Yəni, dövlətin idarəetmə metodundan asılı olaraq vətəndaşların psixoloji özəlliklərinin rəqabəti formalaşır. Dövlət  nə qədər qorxaq vətəndaş formalaşdırırsa, vətəndaş da o qədər qəddar dövlət formalaşdırır. Və nəticədə vətəndaşlar özləri həyatlarını qura biləcək ikən həyatını quracaq qəhrəmanını gözləyir. Fikrimi daha geniş ifadə etməkçün  məcburam ki, qəhrəman kimliyinin spesifikasiyasını xatırladım.
Baxmaq – görmək- düşünmək və hərəkət etmək tsiklini məqsədinə uyğun şəkildə tam həyata keçirən hər bir fərd qəhrəmandır. Bəli, hamımız qəhrəmanlarıq. Sadəcə bu situasiyada heç nə dəyişmir deyə qəhrəmanlığımız kölgədə qalır. Çünki bizim düşünüb düzgün nəticəyə gəlməyimizə təsir edən resursların içində qorxu da var. Qorxan insan qəhrəman ola bilməz. Azərbaycan cəmiyyətinin hal-hazırki situasiyasında isə qəhrəmanlıq kütləvi fəaliyyətə keçməsə, azadlıq ciddi şəkildə təhlükə altına düşəcək. Çünki agenta tipli dövlət sistemi struktur yox, agentalar formalaşdırır. Yəni, bu tip ölkələrdə və cəmiyyətlərdə diktatorlar demokratlarla yox, diktatorlarla əvəzlənir. Bunun qarşısını almaq üçünsə, qəhrəman axtarmaq əvəzində içimizdəki qəhrəmanları azad etmək lazımdır. Heç nə beyninizdəki qorxudan daha qorxulu ola bilməz, əzizlərim. Və sizdən başqa heç kəs həyatınızı qura bilməz.






Yorum Gönder

0 Yorumlar