Əslində qəddarca səslənir, amma dəyərli dostum Bəhruz Səmədovun fikrində
haqlılıq payı var. Azərbaycanda demokratiya yaratmağı çox istəyib bunun uğrunda məqsədyönlü şəkildə
çalışsaq, istəyimizə mane olacaq aşağıdakı faktorları nəzərə almalıyıq – Dağlıq
Qarabağ, sosioloji, siyasi,iqtisadi və
tarixi faktorlar. Gəlin onları analiz edək.
Dağlıq Qarabağ problemi Azərbaycan xalqının qorxularının inikasıdır. Fikir
versəniz, görərsiniz ki, iqtidar nümayəndələri, xüsusən də prezident hər böhran
vəziyyətində analogiyanı məhz 1992-1993-cü illərdən aparır. Düzdür, siyasi
məntiq cəhətdən başqa cür ola bilməz, çünki o vaxtdan, konkret desək, 1993-cü
ilin 15 İyunundan bəri xalq dövlətinin idarə prosesindən uzaqlaşıb və bu postu
Əliyevlərə təhvil verib. Xalqın təcrübəsizliyindən yaranan uğursuz praktikanı
xatırlatmaqla İlham Əliyev əslində Əbülfəz Elçibəyi tənqid etmir, xalqı,
hakimiyyət yükünü onlara qaytarmaqla hədələyir. Xalq isə sanki ona Qarabağı
işğaldan azad edənə qədər “kart blanş” verib. Hakimiyyətin Qarabağı azad etmək
məsələsindəki istəksizliyi sırf bunu anlamasıdır. İ.Əliyev anlayır ki, Qarabağı
azad edəndən sonra indi elədiklərini edə bilməyəcək. O dövrün xalqa bəxş etdiyi
kompleks (günahkarlıq hissi və yenidən yanılma qorxusunun yaratdığı özgüvən
çatışmazlığı ) bu hakimiyyəti ayaqda saxlayan yeganə qüvvədir (İndidən deyim
ki, sonrakı mülahizələrimdəki səbəblər məhz bu kompleksin təzahüründən
doğulur). Müxalif dostlarımızın əksəriyyəti bunu nəzərə almır, amma hakimiyyət bunun
fərqindədir və mövcud situasiyanı saxlamaq üçün əlindən gələni edir ( Bax 14-15
İyul 2020-ci il “Orduya Dəstək!” yürüşü, 2003-cü il Oktyabr hadisələri). Bu
siyasi məntiqlə düzgün olandır, çünki tək idarə edə bilən lider heç vaxt xalqı
özünə şərik etmək istəməz. Sırf bu
fikrimi izah etmək üçün sizə bir təsbitimi göstərmək istəyirəm.
Qarabağ probleminin həll olunma ehtimalı xalqımızı birdən birə 1988-ci
ildəki coşquya, saf vətənpərvərliyə (sözün yaxşı mənasında), milliyyətçiliyinə
geri qaytardı. Millət birləşdi və uzunmüddətli karantin rejiminin gətirdiyi
psixoloji və maddi problemlərini unudub gözünü Tovuza dikdi. Hələ döyüş
əməliyyatlarının ikinci günü generalını
və polkovnikini ( General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev)
itirən xalq əvvəlcə dövlətə hiddətləndi, amma sonda 1992-ci ilin səhvlərini
təkrarlamamaq üçün hesabını sonraya saxladı. General-mayor Polad Həşimovun və
polkovnik İlqar Mirzəyevin şəhidliyi bu döyüş əməliyyatlarının bəxş etdiyi
hissləri, romantikanı birə beş artırdı. Bu baxımdan, nəticə çıxarmağı bacaracaq
insanlar üçün onun ölümü əməliyyatların gedişindən asılı olmayaraq, boşuna
olmadı. Xalqı “Orduya dəstək” yürüşünə aparan məhz bu iki yüksək rütbəli
zabitimizin həlak olmağı idi. Xalq ilk dəfə onda fərqinə vardı ki, əlinə
keçmişi dəyişdirmək imkanı düşüb... Və başladı...
Gəlin etiraf edək, 1988-ci ildən bu yana heç kim Azərbaycan millətini belə
görməmişdi. Heyrətə gəlməmək mümkün deyildi. Gördüklərim məni bir daha əmin
etdi ki, xalqımız yatmayıb, sadəcə özümüzü ona izah edə bilmirik. Bizim
danışdıqlarımız ona maraqlı deyil, o bizə baxmır. Onun gözü Qarabağdadır. Bizim
“sınıb” dediyimiz xalq bu qədər vaxt Qarabağı itirdiyinə görə özünü
cəzalandırırmış. (Burada gözüm yaşardı, amma romantikadan çıxıb reallığa
qayıtmağa məcburam).
“Orduya dəstək” yürüşünü bir proses kimi götürsək, bu prosesdə hakimiyyətin
buraxdığı böyük səhvlər var idi ki, xalq Qarabağa xatir bu səhvləri görməzdən
gəldi. Xalqa Karantin rejiminə riayət
etməyə kömək etməmək(Orada yürüşçülərə maska paylana bilərdi), Şəhidlər
Xiyabanının qarşısında dayanıb dəstək şüarları səsləndirən xalqın qarşısına
Müdafiə Nazirinin yox, Ordu Korpusu komandirinin çıxması və çıxış edə bilməməsi
və Parlamentin giriş hissəsinin qorunmaması (?) kimi. Başa düşürəm, orada
Prezident, Vitse-prezident, Baş Nazir kimi simalar çıxış etməməliydi, çünki bu,
yürüşün hakimiyyət tərəfindən təşkil olunduğu təəssüratı yaradardı (ki,bu İlham
Əliyevə daxili siyasətdə divident qazandırsada,
beynəlxalq arenada prosesə zərər vura bilərdi), amma Müdafiə naziri və xalqın gözündə qəhrəman
görünən (indiki halda Ramil Səfərov) orada çıxış etməyə borclu idi – xalq
nazirliyin qapısının ağzınacan gəlmişdi. Cənab nazir tribunaya çıxmalı, xalqa
şəxsi heyəti adından təşəkkür etməli, bir-neçə pafoslu cümlə ( O, bunu yaxşı
bacarır) işlədəndən sonra Koronavirusu bəhanə edərək, xalqı evlərinə getməyə
dəvət eləməli idi. Xalq könüllü getmək
mi istəyirdi ? “Voenkomat” işçilərini çağırıb növbəlilik prinsipinə uyğun
olaraq bir dəftərə könüllülərin adını və nömrəsini yazdırardı və ya Səfərbərlik
haqqında qanunun müddəalarını xatırladıb deyə bilərdi ki, əksəriyyətiniz onsuz
da ehtiyyatda olan hərbi qulluqçu kimi qeydiyyatdasınız, ehtiyac olan kimi sizi
çağıracağıq, hazır olun. Bu qədəri kifayət idi. Amma xalqdan qorxan hakimiyyət
xalqa onun qarşısına çıxmadı ki, bu da xalqın
baş qərərgah rəisinin istefasını tələb etməyə təkan verdi. Bundan sonra
olanlar oldu.Qeyd etmək lazımdır ki, xalq o qəzəblə təxribatçılara uyub onların
arxasınca parlamentə girsəydi, hər şey daha pis olacaqdı.
Bir qrup təxribatçı birdən-birə, nədənsə Milli Məclis binasının
qapılarına dayandı. Burada kadrı saxlayaq.
Parlament demokratik dövlətin onurğa sütunu, pafoslu səslənsədə,
ibadətgahıdır. Ora heç kim “əlini-qolunu sallayaraq” girə bilməz. Bu demokratik
dövlətçiliyə xəyanət, qəsddir. Bu
yürüşün siyasi olmadığını nəzərə alsaq, bəhs etdiyimiz fraqmentdən çox önəmli
nəticələr çıxır.
-O təxribat dövlət və ya onun hər hansı qanadı tərəfindən törədilibsə, bu
dövlətin həm daha əvvəl qeyd etdiyim keçmiş, uğursuz cəhdin xatırlatmasıdır,
həm də hakimiyyətin və ya onun bu təxribatı törədən tərəfin demokratik
dəyərlərə və xalqın o dəyərlərə baxışına olan münasibətini göstərir. Bu təxribat xalqa qarşı təhqir, “sən
demokratiyanı anlamırsan, o sənə yaraşmır” mesajıdır.
-O təxribatı törədən xarici qüvvələrdirsə, bu o qüvvələrin xalqa və
hakimiyyətə, həmçinin dövlətə qarşı münasibətini göstərir. Bu halda həm xalq
həm dövlət bu təxribatı araşdırmalı onlara qarşı bu oyunun hesabını sormalıdır.
-O təxribatı törədən emosional vəziyyətini idarə edə bilməyən bir
qrupdursa, ( ki mən bu versiyanı daha sonra izah edəcəyim nüanslara görə
istisna edirəm ) bu qrup bir vətəndaş kimi törətdiyi qanun pozuntusuna görə
ciddi məsuliyyətə cəlb olunmalıdır. (Əslində bütün nüanslarda səbəbkarlar
cəzasını almalıdır).
Avtomobili aşırmaq , polisə daş atmaq isə tez-tez rast gəlinən hadisələrdir
ki, biz bu təxribatları əvvəl də yaşamışıq. Məni ən çox sevindirən o oldu ki,
xalq təxribata getmədi, çünki getsəydi “ bu xəmir çox su aparacaqdı”.İndi
təsvirimizi qaldığımız yerdən davam edək.
Məni əsas düşündürən məsələ kütlənin içindən ikinci Nemət Pənahın çıxmamağı
oldu. Görünür xalqın əvvəlki təcrübələrində səhv gördüyü şeylərdən biri lider
yaratmaqdır.
Yürüşün səhəri günü hamı təxribatçıları müəyyənləşdirməyə çalışırdı. Kimi
onların “ Allahu-Əkbər” qışqırmaqlarını əsas gətirib dindarları qınayırdı, kimi
əlində türk bayraqları tutduqları şəkli göstərib millətçiləri göstərirdi, kimsə
də dövlətin neçə ildir onlara “xoxan” kimi göstərdiyi radikal müxalifəti
günahlandırıb sübut kimi, Meydan TV, Portağal Media elektron mətbuatını və bir
sıra çox izlənən feysbuk səhifələrini
göstərirdi. Jurnalistin işi faktı göstərmək idi ki, xalq bunu nəzərə alacaq
durumda deyildi. Şübhəsiz ki, bu reaksiyaya səbəb erməni mətbuatının
informasiya müharibəsində o jurnalistlərin çəkdiyi videomateriallardan istifadə
etməyi olmuşdu.
Axşam prezidentin dövlət televiziyası vasitəsilə çıxış etməyi , daha
doğrusu çıxışının mətni vəziyyəti daha da qəlizləşdirdi. Əvvəlcə Xarici İşlər
Nazirinin “qeybə çəkilməsini” qeyd edib onu sərt tənqid etməyi, daha sonra
könüllü hərbi xidmətə yollanmaq istəyənlərin əldəqayırma statistikası xalqı
daha da hiddətləndirdi. Çünki bir ölkənin prezidenti, yəni baş diplomatı
bilməli idi ki, bu statistikanı açıqlamaq , həm də bu cür aşağılayıcı formada,
uydurma rəqəmlərlə aşağılamaq informasiya müharibəsində bizim əleyhimizə
işləyəcək. Dövlət başçısı düşmən qarşısında xalqını belə gülünc vəziyyətə qoya
bilməzdi. Ən azından indiyəcən “yaxşı” olduğuna inandıqları “atanın” bu cür
xəyanəti bağışlanılmaz idi.Üstəlik cəbhədən xəbər gəlməməyi əhalidə atəşkəsin
bərpa olunduğu gümanını yaratdı. Təkrar edirəm, Qarabağ Azərbaycan xalqı üçün
ən ümdə dəyərdir, onun “qızıl almasıdır”. Üstəlik bir müsəlmanın, türkün və
qafqazlının mənəvi dəyərlərinin ən ucası onun
cəsarəti, qorxusuzluğudur. Prezident xalqının hər mənada ən ümdə
dəyərlərini alçaltmışdı.
Sevindirici haldır ki, bu səriştəsiz çıxışının cavabını meydanlarda yox
hərbi komissarlıqdakı “könüllülər” siyahısında verdi. Burada xalq öz
müdrikliyini bir daha təsdiq etdi. Bunun səbəbi kimi cəbhədə hərbi
əməliyyatların yenidən aktivləşməyini də göstərmək olar. Xalqımız müharibəni
tanıyır və bu şəraitdə birləşməyi də bacarır. Bu mənada ürək rahatlığı ilə deyə
bilərəm ki, hakimiyyətimizin köməyinə düşmənlərimiz gəldi.
II Hissə
Tarixi- sosioloji
faktorlar
“Ərdoğan
sələflərindən fərqli olaraq türk millətinin demokratiya ilə idarə oluna bilməyəcəyini
anladığı üçün bu qədər müddətdə hakimiyyətdə qala bilib. Buna səbəb şərqdəki
ailə institutunun gücüdür. Bizim gözümüzdə başçı atadır. ( Baxın: " El
ataları" Heydər Əliyev, Saparmurad Niyazov, Nursultan Nazarbayev və
Mustafa Kamal ATAtürk.) Ata dəyişməz, sorğulanmaz. Ata sağ olduqca başçı odur.
Bu sistemdə demokratik fərd yetişmir. Demokratiya dövlətdən yox, ailədən
başlamalıdır”
Müxtəlif siyasi görüşlərə baxmayaraq, bir ölkənin
siyasi sferasını onun xalqının xarakterik xüsusiyyətləri yaradır ki, bu
xüsusiyyətlər tarixi inkişaf yolu və sosioloji-coğrafi faktorların cəmidir.
Tariximizə nəzər salsaq, biz demokratiya ilə ilk dəfə 1918-ci ildə tanış
olmuşuq. Amma zamanın tələbi və bəzi tarixi hadisələr bizi demokratiya ənənələrini
anlamaq və yaşaşamaq imkanlarından məhrum edib. Düzdür, biz ilk demokratik
islam cümhuriyyəti olmuşuq, qadına seçki hüququnu isə indi demokratiya daşıyıcıları
olan çox hegemon dövlətdən əvvəl vermişik. Amma müasir şəraitə baxanda bu
titulların heç birinin “ haqqını verə bilmirik” – seçkilərimiz göz
qabağındadır, üstəlik qadınlara qarşı ailədaxili, fiziki, psixoloji şiddət
aktlarına hələ də rast gəlirik. Bu, bizə deməyə imkan verir ki, o
titullarımızla fəxr etməyimiz bizi ancaq
geri salır. Bu dəyərlərin xalqın genefondunda niyə qalmadığını müəyyənləşdirməyə
çalışaq.
Tarixə səyahətimizə 13-16 cı əsrlərdən başlamağı
daha məqsədəuyğun hesab edirəm.
İlk olaraq onu demək yerinə düşər ki, şərq xalqları
tarixən siyasi, iqtisadi və coğrafi cəhətdən
münbit şəraitdə yaşadığı üçün koordinasiya və adaptasiyaya ehtiyac duymayıb.
Buranın sabit qanunları olub və bu qanunlara görə əsas güc bir olub.
Diplomatiyanın, iqtisadi məktəblərin məhz qərbdə yaranmağının səbəbi məncə bu
olub. Qərb dövlətləri yaşamaq üçün bir biri ilə münasibətlərə girməyə məcbur
idilər, buna görə də indi bizdən daha açıq toplumdurlar. Şərq dövləti münasibətlər
anlamında introvert və təktərəfli idi. Şərq dövlətinin gücü ordusunda idisə, Qərb
dövləti iqtisadi göstəricilərə və elmi yeniliklərə əhəmiyyət verirdilər. Təəccüblü deyil ki, şərqin
qərblə yarışda geridə qalmağı elə bu ərəfədə başladı. Qərbdə ən toxunulmaz dəyərlərdən
biri hesab olunan din belə yenilənməyə məcbur olsada, şərqdə dövlət sistemi hələ
uzun müddət-konkret desək, 19 –cu əsrin sonlarına qədər köhnə sistemini davam
etdirirdi. Qərbdə burjua inqilabları
olan vaxt Şərq öz durğunluq dövrünü yaşayırdı.
Demokratik cəmiyyət və onun demokratrik dövlətlə
münasibəti tarixi təcrübə ilə yarandığını nəzərə alsaq, Azərbaycan və digər şərq ölkələrindəki siyasi
vəziyyətin niyə belə olduğunu başa düşərik. Şərq uzun müddət Qərb
imperiyalarının müstəmləkəsi və SSRİ kimi imperiyalardan geri qalmayan
avtoritarizm şəraitində yaşayan millətlərdən ibarət olduğu üçün sərbəst qərarvermə,
quruculuq və planlaşdırma kimi intstinktlərini hələ yeni qazanmağa başlayıb,
halbuki qərbdə bu intstinkt 150-200 ildir ki, idarəetmə mövqeyindədir.
Demokratik islahatların şərqə qlobalizasiya “silahı” vasitəsilə gəlməsinin səbəbi
məhz demokratiyanın şərq mentalitetinə uyğunlaşdırılmış formasının olmamasıdır.
Şərq diktatorları məhz bu boşluqdan istifadə edərək qlobalizasiya, dolayı
yoluyla demokratiyaya qarşı xalqın müxalifətini formalaşdırırlar. İlham
Əliyevin feminizm haqqında çıxışını izləsəniz dediyimdən əmin olarsınız. Şərq və
Qərb cəmiyyətlərinin siyasi anlamda fərqi haqqında bir misal çəkək.
Şərq cəmiyyətlərinin dövlət ənənələri uzunmüddətli
fasiləyə məruz qaldığından ( Burada Türkiyə və Rusiya istisnadır) müasir dövlət
institutları qərb sisteminə uyğunlaşdırılsada, mental anlamda ən kiçik sosial
qrup olan ailə sistemiylə mutasiyaya uğrayıb. Çünki, bir sistemin həyatda
qalmağı üçün cəmiyyətin şüurunda
qarşılığının olmağı həyati əhəmiyyət kəsb edir. Şərqli üçün ailə müqəddəsdir. Dövləti də o dərəcədə müqəddəs etmək üçün onu
ailə sisteminə uyğunlaşdırmaq vacib idi. Amma burada əsas problem bu ailənin
başçısı ilə bağlıdır. Şərqdə ailənin
başçısı atadır. Ata ən güclü, ən ədalətli, ən müdrikdir. Atanın qərarı müzakirə
olunmur. Ataya üsyan edən iki şərt
xaricində həmişə xaindir. Bu şərtlər “atanın” xain (millətçilər) ,ya da “kafir”
(dinçilər) elan olunmağından ibarətdir. Bir şərq dövləti olaraq Azərbaycan da
istisna deyil, buna görə də müxalif islamçılar
və millətçilər ( burada AXCP-ni xatırlatmaqda xüsusi ehtiyac duyuram )
hakimiyyət tərəfindən aqressiv təzyiqlərə məruz qalırlar. Çünki liberal və
solçu dəyərlər zatən cəmiyyət tərəfindən qarşılığı olmadığı (hətta solçuların
SSRİ kimi yaralı praktikası var) üçün
real təhdid təşkil etmirlər. Şərqdə demokratik dövlət yaratmaq istəyirsənsə,
20-30 il boyunca ailə sisteminə xüsusi müdaxilələr edərək ailəni və həyat tərzini
liberalizasiyaya məruz qoymalısan (feminizm, gender aktivizmi, hüquq müdafiəçiliyi,
ekoloji aktivizm kimi sahələr sırf buna xidmət edir). Bu dediyimi yerinə yetirməsək
bizim demokratiya uğrunda mübarizəmiz bir “ata”-nı devirib, digərini gətirməkdən
başqa bir işə yaramaz.Sırf bunu anlayan, amma dəyişməyə “tənbəllik edən”
müxalif partiyalar məhz liderlərinin şəxsi keyfiyyətləri ilə önə çıxmağa
çalışır. Bu mənada Müsavat və AXCP-dən başqa bütün “şəxsiyyətçi” partiyaları
misal çəkə bilərəm. Müsavat və AXCP onsuz da millətçilik ənənəsini önə çəkdiyi
üçün bu dəyişikliyə obyektiv olaraq gərək görmürlər. Burada Türkiyənin
demokratiya uğrunda mübarizəsi və bu mübarizənin sonunda yenidən, ikinci
“ATAtürk” tapmağını misal göstərməyi məqbul hesab edirəm. Mövzudan kənar
olsada, qeyd etməliyəm ki, mən Ərdoğanın
Atatürk irsinə qarşı alt qatdakı mübarizəsini sırf “bir ailədə iki ata olmaz” məntiqi
çərçivəsində rasional hesab edirəm və millətçiləri yanına “çəkməyini” də bu
strategiyanın tərkib hissəsi olduğu qənaətindəyəm. Burada Putinin, Heydər
Əliyev, Saparmurad Niyazov, Nursultan
Nazarbayev, Qurbanqulu Berdiməhəmmədovun, Kim Çen İnin təbliğat strategiyalarını və statuslarını nəzərdən
keçirməyi məsləhət görərdim.
III Hissə
Siyasi və iqtisadi faktorlar
Milli hissiyyatıma
toxunsada qeyd etməliyəm ki, Azərbaycanda demokratiyanın formalaşması qonşu
dövlətlərin və geosiyasi güclərin siyasi maraqlarına uyğun gəlmədiyi müddətcə
mümkün deyil. Fikir versək görərik ki, dünyada təbii sərvətlərinin satışı
hesabına gəlir əldə edən heç bir dövlətin hakimiyyəti demokratik deyil. Bunun səbəbi dövlət başçısının pul qazanmaq üçün vətəndaşlarına
ehtiyac duymamağıdır. Dövlət qazanır və
qazandığını vətəndaşları arasında bölüşdürür. Bu liberal iqtisadiyyatın tələblərinə
uyğun gəlmir. Liberal iqtisadiyyatı olmayan dövlətin daxilindəki ailələr
liberal ola bilməz. Azərbaycanda liberal
iqtisadiyyatı “baltalayan” oliqarxlar
siyasi hakimiyyətdədirsə və başçı buna mane olmursa, deməli bu onun
planı daxilindədir. Bu İlham Əliyevə həm “oyunu qaydalarına görə oynamağa”
imkan verir, həm də xalqın fikrinə və məmurların müqəddəratına təsir
rıçaqlarına sahib olmağını təmin edir.(Məsələn, “ Xarici işlər Nazirinin tənqidi”
teatrının əks tərəfdən reaksiya görməməyi bunun nəticəsi idi).
Hakimiyyət geosiyasi
gücləri razı saldığı müddətcə diktator
deyil. Geosiyasi güclər üçün Azərbaycn,
İraq, Səudiyyə Ərəbistanı və bu qəbildən olan digər dövlətlər tarladır. Buradan sərfəli qiymətə təbii
sərvətlər alırlar, onları istifadə edib əldə etdikləri hazır məhsulu bahalı
qiymətə yenə bura satırlar. “İkinci dərəcəli dövlətlərin” ağıllı hakimiyyətləri
bu vəziyyətdən istifadə edərək öz milli iqtisadiyyatlarını, milli sənayelərini
qurub istismar prosesini minimuma endirirlər. “Birinci dərəcəli dövlətlərin” ağıllı hakimiyyətləri isə buna imkan vermirlər,
çünki növbədə “üçüncü dərəcəli dövlətlər” var ki, sənaye və aqrar strukturları orada quraraq
onları “bəsləyirlər”. Bu baxımdan geosiyasi
maraqlar çərçivəsində Gürcüstanda demokratiyanın yaranmağı mümkündür, Ermənistanda demokratiyanın
yaranıb yaranmamağı əhəmiyyət kəsb etmir, amma Azərbaycanda demokratik hökümət
yaranmamalıdır. Yəni, sizə yeridilənlərin əksinə olaraq “xarici qüvvələr”
Azərbaycandakı müxalif cəbhənin məhvində maraqlıdır və bu marağını dolayı yolla
qoruyur. Sizi əmin edə bilərəm ki, qrant
ayırdıqları müxaliflərin ifşa olunmağında qrant verənlərin rolu az deyil. Səbəb
sadədir - alternativ yaradırlar ki, əsas variant onlar üçün sərfəli olmaqda
davam etsin. Əsas variant onları təmin etdiyi müddətcə ikinci variant yalnız əsası
güclü göstərmək üçün saxta müqayisə subyekti rolunu oynayır. “Kolbasa – araq”
ritorikasının mahiyyəti budur. Azərbaycan tipli ölkələrin müstəqil xarici
və daxili siyasəti olmur. Bu baxımdan Azərbaycan
müxalifətinin yalnız bir əlacı var: Geosiyasi güclər üçün daha sərfəli olmaq.
Bu, onlara 1994-cü ildən bu günə qədər gələn prosesləri sıfırlayıb yenidən
başlamaq imkanı verəcək. Əgər bacarsalar, ikinci diktator yaranacaq, bacarmasalar,
Azərbaycan da Ukrayna kimi demokratiyanı böhran şəklində yaşayacaq. Azərbaycanın
ümumiyyətlə demokratiya görmək imkanı
Dağlıq Qarabağın işğaldan azad olunmasından başlaya bilər, çünki xalqı
idarə prosesinə gətirmək üçün onun özünə güvənməyini təmin eləmək
lazımdır. Yəni, bu “oyun qaydalarının” artıq formalaşdığı
dövrdə hakimiyyətə gələn İlham Əliyev bu
səbəbdən dolayı Dağlıq Qarabağ konfliktinin həllində maraqlı deyil. YAPokratiya
ancaq Heydər Əliyevin dövründə “Qarabağ” problemini həll etməkdə maraqlı ola
bilərdi, çünki bu Heydər Əliyevə geosiyasi qüvvələrlə danışıqlarda divident
qazandırardı. Amma onsuz da xalqın dəstəyini hələ də qazana bilməyən İlham
Əliyevə özünə güvənən xalq ancaq təhlükə törədər. Bu qeyd etdiklərimi nəzərə
alsaq, cənab prezidentin “orduya dəstək” yürüşünə reaksiyasına anlam verməklə bərabər
təxribatların təşkilatçısının kim olduğu barədə versiya yürütmək olar. Bu
arada, heç kim fikir verməsədə, İlham Əliyevin “mən tapşırdım ki, yürüşçülərə şəhidlər
xiyabanına getməyə imkan yaradılsın” ifadəsi gözümdən qaçmadı. Bəlkə də bunu
xaricdə onu dəyişmək variantını nəzərdən keçirən güclərə “Burada ən nüfuzlu mənəm,
istədiyinizi məhz məndən istəyin” mesajını vermək üçün dedi( ki, “150 könüllü”
yalanı bu mesajı qüvvətləndirmək üçün zəmin yaradırdı) , amma bu mesajın öz
dövlətinin vətəndaşlarına xitab edən televiziyada verilməyi yumşaq dillə desək,
məqsədəuyğun deyildi. 17 ildir dövlət başçısı olan biri bilməli idi ki, bu ifadə
, indiyə qədər mitinqlərdə müxalif cəbhəyə qarşı törədilən hər sabotajın
arxasında dövlət başçısının olduğunu etiraf etməkdir. Üstəlik bu cümləylə o
daxili işlər nazirinin özünün qərar vermək bacarığının olmadığını göstərdi.
Bununla bərabər “Dağlıq Qarabağ” konflikti kontekstində aparacağı danışıqlarda
istifadə edəcəyi “xalq müharibə istəyir “dividentini rəsmi Yerevan üçün “zərərsizləşdirdi”.
Yəni, yerində deyilməyən söz ona üç cəbhədə zərər vurdu. Yox, əgər
bu ifadəni daxili qüvvələrə verirdisə, onda “beşinci kolonun” dövlət daxilində
olduğunu dolayı yolla etiraf etdi.
12-15 İyul bizə nələr qazandırdı?
Məncə, istənilən
halda 12-15 İyul hadisələri Azərbaycan cəmiyyətinə çox şey qazandırdı. Düzdür
12 şəhidimiz, sayını bilmədiyimiz qədər yaralımız, “Orduya dəstək “ yürüşündə
haqsız yerə saxlanılan “ Orduya Dəstək” məhbuslarımız var, amma mən bu itkilərin
boşuna olduğuna inanmaq istəmirəm.
Gördüyüm budur ki, istər Karantin dövrü, istər, döyüş əməliyyatları, istərsə
də yürüş ətrafında yaranan proseslər Azərbaycan
xalqını çox böyütdü və onu reallığa çılpaq gözlə baxmağa məcbur elədi. Hakimiyyət
ilk dəfə xalqın qarşısına bu qədər “çılpaq” çıxdı.Hamı gördü ki, indiyəcən bizə
yalan danışıblar və onlara tapşırdığımız əmanətə - dövlətə xəyanət ediblər. Biz
həm özümüzü, həm də dövlətimizi tanıdıq. Anladıq ki, biz bir ola bilirik və
düşmən olduğumuz mifi hakimiyyətimizin yalanıdır. Cəmiyyət bu dərsi unutmasa,
növbəti seçkilərdə hər şey başqa cür olacaq. Bizim – müxaliflərin ən birinci məqsədi
olanları unutdurmamaq, yaranan müvəqqəti meyilliliyi düzgün dəyərləndirməklə
konyukturanı müxalif sferanın xeyrinə dəyişdirmək olmalıdır.
Hakimiyyət də
anlamalıdır ki, Qarabağ yarasından istifadə eləmək onun üçün təhlükəlidir.
Qarabağ yayındırma vasitəsi deyil.Könüllülüyə ərizə yazmaq kompaniyası xalqın
prezidentinə cavabı idi. Hamı bu ərizələrin mahiyyətini anlayırdı, burada məsələ
prezidentə “dərs vermək idi. Bu kompaniyaya öz yaxınlarını da cəlb eləməklə
hakimiyyət bunu anladığını göstərdi. Əgər o kabinetlərdə prezidentə yaxın olan
bircə nəfər belə ağıllı adam varsa, hakimiyyətin Qarabağdan istifadə eləməyinə
bir də imkan verməz. Nəticə faciəli ola bilər. Xatırladım ki, Prezident Aparatının binası Parlamentdən o qədər
də uzaq deyil və əhali dövlət anlamının müqəddəsliyinə də inamını
itirib.
Nə etməliyik?
Anladığınız üzrə mən
hazırki şəraitdə hakimiyyət dəyişikliyinin struktural dəyişiklik gətirəcəyinə
inanmıram. Hazırki vəziyyətdəki dəyişiklik ancaq yeni “ata”gətirəcək ki, xalqın
dövlət siyasətində iştirakı o “atanın” insani keyfiyyətlərindən asılı
olar. Mənim təkliflərim “atasız”
hakimiyyət yaratmaq istəyənlər üçün keçərlidir.
İndiki şərait
iqtidar üçün əlverişli deyil, amma bunu dəyişmək çox asandır. İqtisadi
islahatlar və korrupsiyaya qarşı effektiv mübarizə ilə hakimiyyət itirdiyini
çox qısa zamanda qaytara bilər. Bunu onların da başa düşdüyündən əminəm.
Müxalif sfera 27 ildə ilk dəfə durumu dəyişmək, tərəflər (iqtidar-müxalifət)
arasında effektivlik balansını yaratmaq şansı əldə edib. Amma bunu etmək üçün
özü də xeyli dəyişməlidir.
İlk öncə emossional
müxalifətdən praqmatik siyasət aparan, sosioloji araşdırmalar aparıb bu
araşdırmaların nəticələrinə uyğun olaraq strategiyalar izləyən müxalifətə
çevrilməsək, işimiz çətin olacaq. Biz anlamalıyıq ki, xalq praqmatikdir, varlığımızın
maddi anlamda təsirini giss eləməsə, bizi görməzdən gələcək. Seçki
kampaniyalarındakı yola asfalt çəkmək, park tikmək kimi jestlər göstərir ki,
hakimiyyət bu reallığı qəbul edir, bununla hesablaşır. Xalqla hesablaşmayan
müxalifət olmur. Heç bir xalq iki diktator istəməz, hələ ikincisinin birincidən
daha təcrübəsiz olduğunu bilirsə, ikinciyə niyə şans versin?!
Müxalif partiyalar
kadr siyasəti aparmalıdır və kadrlarına dəyər qatmaq üçün əlindən gələni etməlidir. Mitinq və kəskin yazılara görə həbs olunmaqla
biz dəyərli kadrlarımızı dolayı yolla gözdən salırıq. Bunu nəzərə alıb
koordinasiya siyasəti yaratmaq vacibdir.
Müxalifət siyasi
sferadan çıxıb sosial sferaya yönəlməlidir. Sosial biznes, təlimlər,
iştirakçılara imic və intellektual dəyər qatan layihələr bunun üçün önəmli şərtlərdir.
Türkiyədən fərqli olaraq, biz cəsarətin ancaq zərərli tərəflərini görən cəmiyyətdə
yaşayırıq. Ona görə də bizdə mübariz insanlara qarşı hörmət yaransada, onunla
emossional bağ qura bilmirik. Çünki Azərbaycan cəmiyyətinin kollektiv şüurunda
“cəsarət” “axmaqlıq” la assosasiya
olunur. Bizə cəsarətli yox, ağıllı,müdrik, güclü, məntiqli, məsuliyyətli liderlər
lazımdır.
Bu sadaladıqlarım və
ağlıma gəlməyən daha neçə dəyişikliklər var ki, onsuz da baş verəcək. Sadəcə
bizim mübarizəmiz nə Qarabağ nə də hazırki hakimiyyət problemlərini növbəti nəsillərə
saxlamamaq uğrunda olmalıdır. Məncə buna görə fədakarlığa dəyər.
0 Yorumlar