Hər
şey Rafiq Tağının ölümüylə başladı...Məhz onun ölümündən sonra anladım ki,
Azərbaycan cəmiyyəti XIX əsrdən bəri dəyişməyib. Mirzə Fətəli Axunzadənin
ölümü boyda rəzaləti dərk etməyən bir camaatda yaşadığımı fərq edəndən sonra
anladım ki, ədəbiyyat onların qarşısında acizdir.Bu millət heç vaxt kitab
oxumayacaq, çünki bu təfəkkürlə yaşayır. Bu təfəkkür heykəl düzəltməyi,
özünü düzəltməkdən çox sevdiyi müddətcə kitab oxuya bilməz.O ancaq susmağı və
ya qarğa kimi narahatlıq doğuracaq qarıltılar yaratmağı bacarır. Ey Hüseyn
Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Çəmənzəminli kimionlarla beynini
sürgünə göndərən xalqım, dəyişməyin məqamı yetmədimi? Vicdanınız məzuniyyətdən
nə vaxt qayıdacaq ?!
Əkrəm
Əylislinin romanı mənəvi cəhətdən məni də yaraladı, amma bilirsiniz niyə?! Ömrü
boyu kitab oxumayan, yazarları küçələrdə sürünən bir xalq birdən birə özünü
ədəbiyyat aşiqi kimi göstərəndə əsəbləşməyə bilmərəm. Belə kitab oxuyansınızsa,
niyə biz bu qədər “ Allah erməninin canını sağ eləsin! O gəlməsəydi biz
şəhər üzü görməyəcəkdik” təfəkkürüylə yaşayan qaçqınlar birdən birə vətənpərvər
kəsildilər, 20 ildir ki , bu mövzuyla bağlı bizimlə məzələnən hakimiyyətə və
beynəlxalq qüvvələrə söz deməyə cəsarət eləməyən xalq bir yazara bu qədər
kin qusursa... Bu, həssaslıq deyil, ləyaqətsizlik və korluqdur. Qarabağ
qazisinin qızı zorlananda, şəhid anası polislər tərəfindən yerlə sürünəndə, iki
şəhid verən ata, həm də ədəbiyyat adamı xərçəng tutanda, övladlarını
imkansızlıq ucbatından uşaq evinə verməyə məcbur olanda,sizin bu həssaslığınız hardaydı?!
Mən bunların hamısını yazdım, amma bir nəfər qalxıb bu həssaslığı göstərmədi.
Qarabağ əlili qəhrəman qadınımız bu gün öz müalicəsi üçün feysbukda event
yaradırsa, o eventdə iştirak edənlərin sayı 7-8 nəfər olursa, bu millətin
Qarabağ məsələsində həssaslıq göstərməyə haqqı var?! Hələ işdən qovulan
ziyalıları,həyatının üstündən xətt çəkilən gəncləri, gündə “intihar edən”
əsgərləri heç demirəm... Yəni, sizin içinizdəki Qarabağ sevgisi daş yuxularla
yaralanacaq qədər kiçikdir?! Sizə elə gəlmir ki, siz bu düşüncəylə
Qarabağa layiq deyilsiniz ?! Siz hələ də düşünən insanlardan “vətən xaini
“, “xalq düşməni” yaradırsınız. Ey azadlığı uğrunda bu qədər şəhid verən
xalqım, sən köləliyə belə tez öyrəşməməliydin... Sən Qarabağın vacib
məsələ olduğunu Əkrəm Əylislidən öyrənməməliydin. Bu öyrəndiyinə, onun
sayəsində özünün içindəki Qarabağ həssaslığını kəşf etdiyinə görə ona belə
təşəkkür etməməliydin. Sən bu cür çeynənmiş, ucuz oyunlara getməməliydin. Ən
azı 1933-1956 – cı illərdə başına gələn oyunlardan sonra ... Kimlərsə,
qışqırdı, kimlərsə söydü, kimlərsə tənqid və təhqir elədi. Eynən Hüseyn Cavid,
Mikayıl Müşfiq, Əhməd Cavad, Almas İldırım və s. Kimi... “Bolşevik şairləri”
onu başa düşmədilər, çünki başlarını AYB – dəki kabinetlərində qoyub
gəlmişdilər. Rafiq Tağının yazılarına görə ona ölüm cəzası kəsənlər , Allah
uğrunda öləcəklərini və öldürəcəklərini qeyd edən ədəbazlar Allahın qullarına
qarşı edilən bunca haqsızlıqlara da göz yumdular. Bu cür sevgini nə vətən, nə
də Allah qəbul etməz. Sevgi yaltaqlıq və qorxaqlıq deyil! Sevgi sevdiyin
uğrunda mübarizə aparmaqdır. Mən sizi sevirəm, ona görə də sizə görə sizinlə
belə döyüşməkdən çəkinməyəcəm. Qorxunuzdan başqalarına yalan danışırsınız, eybi
yox. Heç olmasa özünüzə yalan danışmayın!
P.S.
Bu yazını yazmağın mənə baha başa gələ biləcəyinin bilincindəyəm! Amma mən
vicdanımın səsinə qənaət etmirəm. Vicdanımı yuxunuza qurban verə bilmərəm...
0 Yorumlar