Sonra məni qınamayın ki, “bunları görə - görə niyə
dillənmirdin” – Ölkəmiz bütün siyasi,ədəbi, fəlsəfi, elmi sferalarıyla birgə
əlinə saatlı bomba götürüb və onu zərərsizləşdirməyə belə çalışmadan yerində
dayanıb. Bəli, cəmiyyətimiz və dövlətimiz mümkünsüz olanı bacarır, yəni
hərəkətsiz durub. Bunu gündəlik həyatınızda hamınız görürsünüz, amma hərəkət
eləməyi ağlınızdan keçirmədən nəyisə gözləyirsiniz. Nəyi gözləyirsiniz,
əzizlərim? Lazımı? Lazım artıq gəlib,gözləməkdən gözünün kökü saralıb və artıq
getməyə hazırlaşır. Heç olmasa boynunuzu tərpədib ətrafınıza baxın da.
İllərdir ki, eyni ssenarilər eyni aktyorlarla
oynanılır. Və bu il növbəti dəfə siyasiteatrın beş illik hesabat konserti
olacaq. Və siz yenə də ancaq əlçalacaqsınız. Əl çalacaqsınız və ürəyinizdə bu
kabusun bitməyi üçün Allaha dua edəcəksiniz. Duanızı belə ürəyinizdə
edəcəksiniz ki, ağzınızı tərpətməyəsiniz.Amma səssiz qalmayanlar da olacaq.
Bəli, düz
təxmin elədiniz, övladlarınız... Onlar səssiz dayanmayacaqlar. Qışqırıb
səslərini Allaha çatdırmaq istəyən övladlarınızı yıxıb döyəcəklər, üzərlərinə
əvvəl su şırnağı, sonra rezin güllələr, dəyənəklər, sonra şillələr,
yumruqlar,gözyaşardıcı qazlar yağdıracaqsınız. Sizsə, sakitcə durub göz
yaşınızı içinizə axıdacaqsınız. Bilirsiniz niyə məhz içinizə ? Çünki
mərhəmətinizi belə göstərməkdən qorxursunuz. Ey mənim böyük xalqımın kiçik
insanları, insan olmaqdan niyə qorxursunuz? Vallah, burada qorxulu heç nə
yoxdur, sadəcə bəzi şeyləri xatırlamaq kifayətdir:
1) Sən insansan, öz fikrin və
müqəddəratını həll eləmək hüququn var;
2) Sənin sürünmək vəzifən
yoxdur, amma yaşamaq hüququn var;
3) Sənin şüurun var və bu sahib
olduğun ən dəyərli keyfiyyətindir;
4) Bu ölkə sənindir və sənin bu
ölkəni, bu ölkəni sənin vətənin edən dəyərli insanları qorumaq kimi
məsuliyyətin var;
5) Nə qədər yadından çıxarsan
da,sənin əxlaqın var və sən borclusan ki, əxlaqını doğru saydığın yolla gedib
doğru saydığın dəyərlər uğrunda yanlış saydığın fərdlərlə sivil yolla savaşaraq
qoruyasan .
Bu
rejim insanlara həm maddi, həm fiziki, həm psixoloji, həm də mənəvi cəhətdən
zərərlidir, çünki :
1) Bu cəmiyyət
merkantilistdir.Təfəkkürcə də tacir olduğu üçün adını bildiyi hər şeylə ticarət
etməyə çalışır: İntellektlə hörmət almaq istəyir, istedadla sevgi, var –
dövlətlə dostluq, vəzifəylə ölümsüzlük.
2) Hamımız aqressivik. Küçədə
çiynimizə toxunanı parçalaya da bilərik, səhv nömrəyə zəng edəni söyərik, hələ
biz deyəni deməyəni ya döyərik, ya da qazamata dürt(dür)ərik.
3) Şəhərlərdə həyatdan heç nə
istəməyən insanlar dolanır. Onlar gələcəyin kriminal xəbər obyektləridir.
4) Biz
insanları bütöv bir obyektkimi görüb ondan istifadə edirik - ruhundakı
sevgini, inamı, həyat eşqini, mərhəməti sağa bilirik,qanadlarını , yəni
saflığını yolub özümüzə yastıq düzəldirik, vücudlarını,orqanlarını satırıq,
axırda da alçaq, şərəfsiz, satqın damğasını vurub diri –diri basdırırıq.
İndi düşünün...
Ya da indi yox, bir – birinizi incidəndə, rüşvət alıb yetim haqqını yeyəndə,
insanlara yalan danışanda, özünüzdən zəifləri əzəndə və bunları uğur sayıb
insan olduğunu bilənlərə rişxənd edəndə düşünün – sizin övladlarınız necə
olacaq? Bəs əzdiklərinizin övladları?
Bu savaş bəlkə də əbədiyyətə qədər davam edəcək.
Şəhərləri insan meşələrinə çevirənlər insanın heyvandan əmələ gəldiyini iddia
edənləri lənətləyəcək, kresloda oturanlar kreslonu düzəldənləri kiçik görəcək,
kimlərsə susacaq, kimlərsə, o kresloya oturmaqçun şüarlar səsləndirəcək.
Kimlərsə də, həbsxanalarda çürüyəcək. Kitab oxuyan gəncin əlinə “molotov”
kokteyli dürtüşdürüb tələbədən anarxist düzəldəcəklər, sonra da arsız
–arsız da kompaniyalar keçirəcəklər ki, “Biz “Molotov” -lu gənclik
istəmirik”(guya biz istəyirik axı). Siz yenə susacaqsınız, eləmi? Susacaqsınız,
ta ki o“Molotov” – lu gənclik hakimiyyətə gələnəcən. Sonra isə onları qəhrəman,
yaltaqlandıqlarınızısa xalq düşməni elan edəcəksiniz. Siz uşaqsınız –
hələ də oyuncaq , şokolad və nağıllara aldanırsınız, qəhrəmanlar gözləyirsiniz.
Amma uşaq qədər də deyilsiniz.Bilirsiniz niyə? Sizdən fərqli olaraq südəmər
uşaqlar belə incidiləndə ağlayırlar. Sizsə, əlinizdə gül tutub
yolun qırağında gözləyirsiniz ki,lazım gələcək, maşınla o yoldan keçəndə sizə
əl eləyəcək, siz də əlinizdəki gülləri maşının qabağına atıb əl çalacaqsınız.
Bilirsiniz yadıma nə düşdü ? Nəisə... Gülümsəyin cənablar, gülümsəyin...
***
Mühazirələrimdən
birində iştirakçılardan soruşdum ki, “Fərda Qədirzadəni kim
tanıyır?”İştirakçıların hamısı əllərini qaldırdılar. Sonra sual verdim ki,
“Bəs Niyazi Mehdini (burada ad şərtidir) kim tanıyır?” Bircə nəfər əlini
qaldırdı. O da Niyazi Mehdinin tələbəsi idi. Üçüncü sualım isə bu oldu – “ İndi
başa düşdünüz, terror niyə elmdən üstündür?”
Tanımayanlar
üçün deyim, Niyazi Mehdi –Azərbaycanın ən görkəmli filosoflarındandır.
Semyotika sahəsində araşdırmalar aparan yeganə elm adamı kimi tanınmağa,
sevilməyə layiq insandır. (Semyotikanın nə olduğunu izah etməyə həvəsim yoxdur.
Zəhmət çəkin, özünüz öyrənin) Bəs niyə tanınmır? Tələsməyin,indi izah edərəm.
Müasir insanımızın gizlənən həqiqəti tapmağa həvəsi
olmur. Onu qulağına doldurulan, mənbəyini, mənsəbini mahiyyətini belə bilmədiyi
məlumatlar, biliklər daha çox maraqlandırır. Feysbukda müzakirə mövzuları,xəbər
portallarında verilən xəbərlər, televiziya proqramlarındakı çıxışlar insanları
daha çox cəlb edir, nəinki iki tin aralıda yaşayan kamil insanın düşündükləri.
Çünki evdən çıxmağa ərinirlər. İnsan evindən çıxmağa tənbəllik elədiyi müddətcə
inkişaf edə bilməz. Onlar qabağına qoyulan yeməyi yediyi müddətcə azad insan
ola bilməz. ( Yemək və ev anlayışları məcazi anlamda işlənmişdir) Evcil insanlar
ancaq kütlənin bir parçası ola bilərlər, kütlə isə kamil ola bilməz.
Seçim və seçiminə doğru edilən hərəkət, insanlara
məxsus davranışdır. Hər kəs seçimini edir və bu seçiminə adekvat olaraq hərəkət
edir. Bu hərəkət ona imkan verir ki, seçimini nümayiş elətdirmək üçün seçdiyi
metodun effektivliyini görsün. Əgər bu metod effektiv deyilsə, fərd məcbur
olur, metodunu dəyişdirib özünü, seçimini ifadə etməkçün başqa yol seçir.
Azərbaycanda bu vəziyyət o dərəcədə qəlizdir ki, bu günün ziyalısı sabahın potensial
cinayətkarı, ən yaxşı (!) halda intihar qurbanıdır. Bu vəziyyətdə
cəmiyyətə yararlı fərdlərin yetişdirilməsindən söhbət gedə bilməz. Çünki həyata
yeni atılmış hər yeni fərd uğur axtarır və istəyir ki,özünü daha yaxşı ifadə
eləsin. Qoyulan şərtlərdən isə belə aydın olur ki,bir müddətdən sonra özünü
ifadə etmək istəyən adam həmin özünü özünə belə ifadə edə bilmir və cəmiyyət
konveyerinin növbəti əmtəəsinə çevrilir. Ya da özünü yada salmağın daha
təhlükəli formasını tapır. (Yadına sal, Breyvik, Fərda Qədirzadə, Mehmet Ağca
və s.)Normal cəmiyyətlər uğur kriteriyalarını sağlam təməllər üstündə və mümkün
dərəcədə elastik kriteriyalarla formalaşdırır. Yəni, insanlara özlərini
(cəmiyyətin görmək istədiyi əmtəəni yox) ifadə imkanını verir və qoyduğu kriteriyalar
yalnız fərdin özünüinkişafına xidmət edir.
İndisizə bir sual da verim, dövlətimizin hörmətli baş
bilənləri. Başınızı kabinetlərinizin pəncərələrindən və cibinizdən çıxarıb
baxın görüm, bu ölkədə gələcək on ildə kitab yazanların sayı artacaq, ya
“Molotov” atanların?
0 Yorumlar